Ukraynanın ən varlı adamı olan Rinat Əhmədov Rusiyaya qarşı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) Rusiya işğalı nəticəsində məruz qaldığı maliyyə itkisini ödəmək üçün iddia qaldırıb.
"Unikal" xəbər verir ki, Rusiyanın ələ keçirdiyi strateji liman şəhəri Mariupoldakı "Azovstal" polad zavodunun sahibi Əhmədov Rusiyanı mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqda ittiham edir.
Əhmədova məxsus “System Capital Management” şirkətindən verilən açıqlamada Rusiyanın Mariupoldakı fabriki ələ keçirməsinin “mülkiyyət hüquqlarının pozulması” olduğu bildirilib. Milyarder həmçinin AİHM-dən Rusiyanın onun şirkətlərinin istehsal etdiyi polad və taxılın talanına son qoymağı tələb edib.
Bildirək ki, Ukraynanın ən zəngin adamı Əhmədovun 2013-cü ildə 15 milyard dolları keçən sərvətinə ölkənin şərqində rus separatçıları ilə uzun illər davam edən müharibə və fevral ayında başlayan Rusiya işğalı ciddi ziyan vurub.
Digər tərəfdən, məsələ ilə bağlı açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov AİHM qərarlarının Rusiyada artıq qüvvədə olmadığını bildirib. Rusiya Federal Məclisinin aşağı palatası olan Dövlət Dumasında bu ayın əvvəlində keçirilən səsvermədə AİHM-in qərarlarının ölkədə artıq icra olunmayacağına qərar verilib.
Bununla yanaşı, Rusiya Ukraynadan taxıl və polad məhsulları oğurlayıb ixrac etdiyinə dair ittihamları rədd edir.
Gülayə Mecid