Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. İnvestment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə dəyişiklik edilib.
"Unikal" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Sazişin adı dəyişir və “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad Qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı, pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. İnvestment Group Services, LLC arasında saziş adlandırılır.
Podratçı tam olaraq Söyüdlü mədən filiz yatağından imtina edir.
Tərəflər qəbul edirlər ki, hər hansı minatəmizləmə əməliyyatlarının, hərbi əməliyyatların dayandırılmasına, sülh prosesinə və təhlükəsizlik tədbirlərinə baxmayaraq minaların və partlamamış hərbi sursatların olması və düşmən hərəkətlərin edilməsi (hərbi, terror və digər hərəkətlər daxil olmaqla) riski Vejnəli mədən filiz yatağı, Qızılbulaq mədən filiz yatağı və Dəmirli mədən filiz yatağının müəyyən ərazilərində mövcud ola bilər. Podratçı Vejnəli mədən filiz yatağı, Qızılbulaq mədən filiz yatağı və Dəmirli mədən filiz yatağında minatəmizləmə əməliyyatlarını həyata keçirmək hüququna malikdir (lakin bu öhdəlik daşımır).
Podratçının imtina etdiyi Söyüdlü mədən filiz yatağı Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir. Sazişdə əksini tapan Qızılbulaq mədən filiz yatağı Kəlbəcər rayonunun Heyvalı kəndi (keçmiş Ağdərə rayonu) yaxınlığında, Sazişə yeni əlavə olunan Dəmirli mədən filiz yatağı isə Tərtər rayonu Dəmirli kəndində (keçmiş Ağdərə rayonu) ərazisində yerləşir.
Məsələ səsverməyə çıxarılaraq qəbul edib.
Anar Kəlbiyev