İyunun 28-də Baş prokuror Kamran Əliyev Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala, Qax və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.
Baş Prokurorluqdan "Unikal"a bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 37 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Kamran Əliyev Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Bundan əlavə, Kamran Əliyev Şəki, Qəbələ və Gədəbəy rayonlarının hər birindən bir nəfər olmaqla vətəndaşları qəbul edərək müraciətləri üzrə konkret tapşırıqlar verib.
Qəbuldan sonra Baş prokuror Qax və Balakən rayon, eləcə də Zaqatala hərbi prokurorluqlarına getmiş, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.