Vladimir Putin yaxın vaxtlarda Rusiya sərhədləri yaxınlığında NATO-nun daha böyük varlığını görəcək.
Bu barədə "Unikal" NATO-nun baş katibi Yens Stoltenberqin Türkiyə, İsveç və Finlandiya arasında Skandinaviya ölkələrinin alyansa qoşulmasına yol açan memorandumun imzalanmasından sonra verdiyi bəyanata istinadən xəbər verir.
"Hazırda baş verənlər NATO-ya daxil olmaq üçün ən sürətli prosesdir... Və bu, Rusiya prezidenti Vladimir Putinə açıq mesajdır ki, NATO-nun qapıları açıqdır", - o deyib.
Onun sözlərinə görə, ötən ilin dekabrında Putin təhlükəsizlik zəmanəti adı altında alyansın genişlənməsinin dayandırılmasını tələb edib.
"O, daha az NATO istəyirdi, lakin indi Putin öz sərhədləri yaxınlığında daha çox NATO görəcək", - Stoltenberq əlavə edib.
Xatırladaq ki, bu gün NATO sammiti çərçivəsində Türkiyə tərəfi İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına daxil olmasına dəstək verməyə razılaşıb. Konkret addımlar iki gün ərzində müzakirə olunacaq.
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl Rusiya prezidenti Vladimir Putin NATO-nun şərqə doğru genişlənməsini istisna etməyi tələb edib. Üstəlik, Moskva NATO qüvvələrinin və silahlarının Baltikyanı ölkələr və Şərqi Avropa ərazilərindən çıxarılmasında israr edirdi.
Ramil Zeynallı