ABŞ G7 Liderlər Zirvə toplantısında əldə olunan razılaşmaya uyğun olaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada Rusiyadan ABŞ-a qızıl idxalına qadağa qoyulduğu və Rusiya müdafiə sektorunda fəaliyyət göstərən 100-ə yaxın şəxs və quruma sanksiya tətbiq edildiyi açıqlanıb.
“Biz Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq əlavə sərt sanksiyaların tətbiqi üçün tərəfdaşlarımız və müttəfiqlərimizlə işləmək öhdəliyimizi bir daha təsdiqləyirik”, - ABŞ Maliyyə Naziri Janet Yellen açıqlamasında bildirib.
Rusiyanın ən böyük müdafiə şirkəti olan dövlətin nəzarətində olan "Rostec" ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatlar arasında olsa da, Nazirlik "Rostec"in idarə çətiri altında müxtəlif sektorlarda 800-dən çox təşkilatın olduğunu açıqlayıb.
Siyahıya həmçinin Rusiyanın MiQ və Sukhoi döyüş təyyarələrinin istehsalçısı olan Birləşmiş Təyyarə Korporasiyası (UAC) İctimai Səhmdar Cəmiyyəti, Rusiyanın strateji bombardmançı və nəqliyyat təyyarələrinin istehsalçısı Tupolev və Rostecin birbaşa və ya dolayısı ilə 50 faiz və ya daha çox səhmlərinin sahibi olduğu digər şirkətlər də daxil edilib.
Gülayə Mecid