Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan Respublikası xarici işlər naziri v.i.e. Vladimir Norov ilə telefon danışığı baş tutub.
Bu barədə "Unikal"-a Azərbaycan XİN-dən məlumat verilib.
Nazirlər cari ilin 22 iyun tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinin yüksək səviyyədə təşkilini və səfərin nəticələrini, o cümlədən iki dövlət arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldən sənədlərin imzalanmasını xüsusilə vurğulayıblar.
Tərəflər, səfər zamanı əldə edilən razılaşmaların icrası vəziyyətini, habelə bu istiqamətdə atılacaq növbəti addımları müzakirə ediblər.
Eyni zamanda, bir neçə gün öncə Özbəkistanın Qaraqalpaq Respublikası ərazisində iğtişaşlar törədərək ölkədə qeyri-sabitlik yaratmaq cəhdlərinə qarşı dövlət tərəfindən qanuni addımların atıldığı vurğulanıb və bu xüsusda Azərbaycanın qardaş Özbəkistan dövlətinə və xalqına dəstəyi ifadə edilib.
Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn hər hansı halların qəbuledilməz olduğu vurğulanıb.