Azərbaycanla Türkiyə arasında olan münasibətlərin dünya tarixində bir bənzəri yoxdur.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Xarici İşlər Nazirliyi ilə ADA Universitetinin birgə həyata keçirdiyi “Müharibədən Sonrakı Dövrdə Azərbaycanın Sülh və Yaradıcılıq Təşəbbüsləri” mövzusunda “Diplomatiya həftəsi” çərçivəsində "Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxışında deyib.
O qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri strateji müttəfiqlik xətti ilə inkişaf edir.
“Bu münasibətlərin gələcəkdə daha da yüksək zirvələrə çatdırılması istiqamətində səy göstərəcəyik və səyimizi əsirgəməyəcəyik. Türkiyə Azərbaycana bu günə qədər ən böyük siyasi dəstəyi göstərmiş qardaş dövlətdir. Türkiyənin, həmçinin, azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərində də rolu çox böyükdür”, - deyə L.Abdullayeva bildirib.