Bu gün Çin Kommunist Partiyasının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Çyan Xunşan arasında videoformatda görüş keçirilib.
YAP mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, görüşdə partiyalar və dövlətlər arasında mövcud olan münasibətlərin yüksək inkişaf dinamikasından məmnunluq ifadə edilib, ikitərəfli və beynəlxalq platformada əməkdaşlığın qarşılıqlı maraq doğuran bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tahir Budaqov bildirib ki, Azərbaycan Respublikası Çin Xalq Respublikası ilə qarşılıqlı əlaqələrə böyük önəm verir, ölkələrimiz arasında bu gün siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz uğurla davam edir. Əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin dostluq münasibətlərinin əhəmiyyətini vurğulayan YAP Sədrinin müavini ortaq iqtisadi maraqlar, hər iki ölkənin tarixi İpək Yolunun bərpasındakı rolu və digər bu kimi amillərin əməkdaşlığın güclənməsinə zəmin yaratdığını qeyd edib.
O, həmçinin Azərbaycanın Çin Xalq Respublikasının irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən ilk ölkələrdən biri olduğunu diqqətə çatdırıb. Zəngəzur dəhlizi isə Azərbaycanın tranzit ölkə kimi potensialını daha da gücləndirəcək, bu dəhliz vasitəsilə Şərq-Qərb istiqamətində beynəlxalq yükdaşımaların əhəmiyyətli dərəcədə artması regionda Azərbaycan və Çinin də fəal iştirakçısı olduğu yeni çoxtərəfli əməkdaşlıq platformasının formalaşmasını təmin edəcək.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini isə deyib ki, Çin Xalq Respublikası Sədrinin və Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən əlaqələrimiz uğurla inkişaf edir. Vurğulanıb ki, Azərbaycan regionda Çinin əsas tərəfdaşlarından biridir. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən Çin Xalq Respublikası Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır.
Görüşdə, həmçinin Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasında əlaqələrin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyi, partiya nümayəndə heyətlərinin səmərəli qarşılıqlı səfərlərinin və görüşlərinin həyata keçirildiyi, bu əlaqələrin möhkəmləndirilməsinin vacibliyi qeyd edilib, partiyaların gəncləri arasında əlaqələrin güclənməsinin zəruriliyi və qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyasının nümayəndələri arasında iki mövzuda videokonfrans da keçirilib.
“Texnologiya və innovasiya” mövzusunda keçirilən videokonfransda Çin Kommunist Partiyasının Şanxay şəhər komitəsinin nümayəndəsi, professor Dun Yuxun Şanxayın “ağıllı şəhər” modeli haqqında geniş məruzə edib, bu istiqamətdə Çinin təcrübəsini bölüşüb.
Növbəti konfrans isə “Bir kəmər, bir yol”un tikintisi və inkişaf perspektivləri” mövzusunda keçirilib. Çin Kommunist Partiyasının nümayəndəsi, ekspert Qonq Paypinq mövzu ilə bağlı geniş təqdimatla çıxış edib.
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iki ölkə arasında münasibətlərin inkişafından, o cümlədən Azərbaycanın “Bir kəmər, bir yol” layihəsinə verdiyi önəmindən bəhs edib.