"İran və Rusiya qarşılıqlı ticarətdə dollar və avro ilə hesablaşmalardan imtina etməyi planlaşdırır. Bu barədə İran Mərkəzi Bankından bildirilib".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, hər iki ölkəyə qarşı Qərbin sanksiyaları qüvvədədir və Rusiyaya qarşı daha sərt paketlərdən istifadə olunur.
"Həm İran, həm də Rusiya xarici valyutalara, xüsusən də dollara tələbi yüksək olan ölkələrdəndir. İran ilə Rusiya arasındakı ticarət dövriyyəsi pandemiyadan əvvəlki il, yəni, 2019-cu ildə 1 milyard 595 milyon dollar olub. Cənub qonşumuzun Rusiyaya ixracatı yarım milyard dollardan da azdır. 2021-ci ildə isə qarşılıqlı ticarət 81 faiz artsa da, yenə ümumi dövriyyə böyük rəqəmlə ifadə olunmur. Regionun aparıcı dövlətlərindən olan iki ölkə arasındakı ticarət dövriyyəsi ötən il 3.3 milyard dollar olub. Doğrudur, bu ilin ilk rübündə sözügedən dövlətlər arasında ticarət 10 faiz artıb. Bununla belə, yenə də ticari əlaqələrinin daha da dərinləşdirilməsi üçün bəlli çağrışlar qalmaqdadır. Tərəflər illik ticarət dövriyyəsini 10 milyard, 2025-ci ilədək isə 40 milyard dollaradək artırmağı hədəfləyirlər. Amma mövcud rəqəmlər göstərir ki, reallıq ilə hədəflər arasında fərq kifayət qədər böyükdür".
Deputat qeyd edib ki, sözügedən ölkələr arasında ticarət dövriyyəsi böyük olmadığı üçün dollardan imtina reallaşsa belə bu regiondakı valyuta tələbinə xüsusi təsir etməyəcək:
"Digər tərəfdən, hər iki dövlət üçün xarici valyuta cəlb etmək prioritet olduğundan belə bir addımın tam rellaşacağı ilə bağlı xeyli suallar var. İndiyədək Latın Amerikası və Asiyada yerləşən bir neçə aparıcı ölkələr dollardan imtina etməyə çalışsalar da bunu reallaşdıra bilməyiblər. Belə görünür ki, ABŞ pulundan imtina heç də düşünüldüyü kimi asan deyil".