Tanınmış jurnalist Mirşahin Ağayev müəllif və aparıcısı olduğu “Mirşahinin vaxtı” verilişində bir sıra telekanalları sərt tənqid edib.
"Unikal" xəbər verir ki, aparıcı bildirib ki, əvvəllər mediamız boz rəngdə idi. "Siz məhz o bozun fonunda rəngarəng görünürdüz. Amma indi artıq AzTv-də də tənqid var, İTV-də də, REAL Tv-də də. Problemli məsələ peşəkar şəkildə qaldırılır, problemin üzərinə gedilir. Belə olan halda siz sadəcə artıq olursuz”.
M.Ağayev televiziyalara iradlarını belə qeyd edib:
“AzTv-nin, İTV-nin, ARB-24-ün timsalında müsbət dəyişiklikləri görməmək olmaz. Dünya auditoriyasına çıxmağı bacaran CBC var, Xəzər Tv artıq öz simasını müəyyənləşdirir və təəssüf ki, yerdə qalan bir neçə kanalımız var. Onlar yerdə qalıblar. Ağır da olsa, deməliyəm. Heyif ki, ictimai zövqü korlayırlar. Məndə olan dəqiq məlumatlara görə, bu kanalların rəhbərləri Prezident Administrasiyasına çağırılıb, onlara ən kəskin şəkildə iradlar bildirilib. Hətta bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrilməsi, sonra da yığılan vəsaitin dəllallar arasında bölünməsi, bununla da bütün ölkə ictimaiyyətini aldatmaq, təhqir etmək kimi halların olduğu sərt şəkildə kanal rəhbərlərinə çatdırılıb. Məndə məsələnin hüquq-mühafizə müstəvisində araşdırma perspektivinin olması barəsində də məlumatlar var. Ona görə də, hörmətli həmkarlar, hər şey pulla ölçülmür. İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərər, zərbə vurduğunuzun fərqində olun”.