"İpoteka kreditlərinin şərtlərinə baxılması və onun təkmilləşdirilməsi həmişə prioritet məsələlərdən biridir".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, gənc ailələrin ipoteka kreditlərinə böyük tələbi var.
"Güzəştli ipoteka kreditləri 4 faizlə və maksimum 100 min manat olmaq şərti ilə təklif edilir. Sosial ipoteka kreditləri birbaşa dövlət büdcəsindən maliyyələşdirilir və ayrılan vəsait müvəkkil banklar vasitəsilə vətəndaşlara təqdim olunur. Həm güzəştli ipoteka kreditlərinin həcminin artırılmasını, həm də faizinin aşağı salınmasını təklif edirik. Müqayisə etdikdə hazırda təklif edilən 4 faiz kiçik hesab oluna bilər. Amma bunun büdcədən maliyyələşən ipoteka kreditləşməsi olduğunu nəzərə alsaq, güzəştli kreditlər üzrə faizin 3-ə endirilməsi mümkündür".
Deputat qeyd edib ki, müvəkkil banklar və ipoteka fondunun xərcləri nəzərə alınmaqla, bu kreditləri 3 faizə qədər endirmək olar.
"Bu, həmin kreditlərdən daha güzəştli şəkildə istifadə olunmasına imkan yaradacaq. Eyni zamanda, güzəştli kreditlərin həcminin artırılması vacibdir. Kredit həcminin artırılması daha çox vətəndaşımızın bu kreditlərdən istifadə etməsinə gətirib çıxara bilər".
Anar Kəlbiyev