Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib.
"Unikal" xəbər verir ki, sessiyada Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi müzakirə olunub.
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyev çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 2021-ci ildə 128 milyon 400 min manat plana qarşı 145 milyon 38 min manat icra edilib, büdcəyə 16 milyon 638 min manat artıq vəsait mədaxil edilib. Gəlirlərin 72 faizi və ya 104 milyon 354 min manatı Dövlət Vergi Xidmətinin xətti ilə, 21,6 faizi və ya 31 milyon 405 min manatı Dövlət Gömrük Komitəsinin xətti ilə toplanılıb, 5,3 faizi və ya 7 milyon 669 min manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 1,1 faizi və ya 1 milyon 610 min manatı isə digər mənbələr hesabına daxil olub.
2021-ci il dövlət büdcəsi xərclərinin 90,5 faizi və ya 469 milyon 983 min 204 manatı cari xərclərə, 9,5 faizi və ya 49 milyon 419 min manatı isə əsaslı xərclərə yönəldilib. Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq və abadlaşdırma işlərinin aparılmasına, yerli idarəetmə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikintisinə, şəhər və kənddaxili avtomobil yollarının yenidən qurulmasına, eyni zamanda infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilib.
“Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun səsə qoyularaq qəbul olunub.