Ötən gün Prezident İlham Əliyev Masallı, Lerik və Göygölə yeni təyin olunan icra başçılarını qəbul edərkən rayonlarda baş verən qanun pozuntularından danışıb. Dövlət başçısı bildirib ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanıb, qanunsuz zəbt edilib.
"Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır", - deyə Prezident qeyd edib.
Bununla bağlı Milli Məclisin üzvü Fazil Mustafa "Unikal"a açıqlamasında bildirib ki, hansısa formada bunun üzərinə gedilməsində böyük problemlər var və ilk növbədə mülkiyyət toxunulmazlığı ilə bağlı məsələni gündəmə gətirəcək. Onun sözlərinə görə, həmin əraziyə icra başçısı qanuni və ya qanunsuz sənəd verib, bunun məsələyə elədə təsiri yoxdur:
"Orada yaşayan şəxs mülkiyyət hüququ əldə edibsə, onun mülkiyyətini hansısa bir şəkildə almaq ölkədə böyük bir kataklizmlərə gətirib çıxara bilər. Sahibkarlıq mühitinə zərbə dəyər, xarici sərmayeçilər tamamilə ölkədən qaçar, heç kim bura kapital qoymaz. Vaxtı ilə bu məsələlərə göz yumulub, özbaşınalıq hədsiz dərəcədə geniş yayılıb. Sanki həmin ərazilərdə əkin-biçin olmayacaq. Kənd rayonları bu cür sıradan çıxarılıb. İndi insanlar oranı alıb və həmin yelərin sənədləri var. Bu məsələ indi qaldırılsa, böyük bir problem başlayacaq. Vaxtında bununla bağlı tədbirlər görülməli idi".
F.Mustafa əlavə edib ki, boş əkin sahələrini alıb saxlayan məmurlarla bağlı addım atılmasını düşünmək olar: "Bunu da mülkiyyət toxunulmazlığı prinsipindən kənara çıxmamaq şərti ilə etmək lazımdır. Bu məsələdə mülkiyyət toxunulmazlığını pozmaq olmaz. Ümumilikdə, yeni gələn icra başçılarının işi daha çətindir".
Anar Kəlbiyev