Reket jurnalistika cinayətkar fəaliyyətdir və bununla məşğul olanlar məsuliyyətə cəlb olunur. Onların barəsində qanunamüvafiq tədbirlər görülür.
"Unikal" xəbər verir ki, bunu Real TV-yə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.
"Bu gün mənə elə gəlir ki, bəzən bizim sosial media istifadəçiləri, yaxud mətbu orqan əməkdaşları özlərini tam hazırlıqlı hüquqşünas kimi hesab edirlər və hüquqi məsələlərlə bağlı o dərəcədə asanlıqla rəy verirlər, qəti fikirlər yürüdürlər ki... Bu, yolverilməzdir. Çünki hüquq elmi kifayət qədər mürəkkəb elmdir. Ona görə də hüquqi məsələlər, sübutlar, sübutların təhlili üçün müstəntiqlər, prokurorlar, hakimlər tərəfindən kifayət qədər dəyərləndirmələr həyata keçirilir. İşin incəliklərini, sübutları bilmədən hər hansı bir fikirlərin yürüdülməsi, təbii ki, yolverilməzdir.