Tovuzda qəsdlə evi yandıraraq iki nəfərin ölümünə səbəb olan şəxslər tutulub.
"Unikal"ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, iyulun 25-i saat 03 radələrində Tovuz rayonu İbrahimhacılı kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində ev sahibi Yaqut Quliyeva və həmkəndlisi Həqiqət Cabbarovanın ölmələri faktı ilə bağlı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətin “isti izlər”lə açılması təmin edilərək onların qəsdən öldürülmələri müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə həmin kənd sakinləri 2003-cü il təvəllüdlü Elcan Bağırovun, 2005-ci il təvəllüdlü D.Dadaşov (şərti) ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq məqsədilə Yaqut Quliyevaya məxsus evə girmələrinə, daha sonra Həqiqət Cabbarova və Yaqut Quliyevanın onları görmələri səbəbindən cinayət əməllərinin ifşa olunmasının qarşısını almaq üçün onlara bıçaqla xəsarətlər yetirərək öldürmələrinə və evi yandırmalarına əsaslı şübhələr müəyyən edilmişdir.
E.Bağırov və D.Dadaşov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.
İş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.