Azərbaycan hökuməti yerli və xarici mütəxəssislərin iştirakı ilə işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyasının sənədini, baxışını hazırlayıb.
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, bu sənəddə əsas həm hədəflər, həm alətlər müəyyənləşib: "Bu gün həyata keçirilən işlər vahid baxışa uyğun olaraq aparılır. Bizim baxışımıza əsasən bir sıra sahələrdə böyük potensial görürük. Bunlar kənd təsərüffatı, sənaye mərkəzləri. Artıq lövbər qismində 2 sənaye zonası yaradılıb".
Nazir xatırladıb ki, Ağdamda fəaliyyət göstərən sənaye zonasında 9 rezident fəaliyyət göstərir: "Daha 15 rezidentin yaxın vaxtlarda fəaliyyətə başlaması, yəni sertifikatların verilməsi nəzərdə tutulur. Artıq onlardan 2-si öz müəssisələrinin tikintisini başa çatdırır. Cəbrayıldakı sənaye zonasının fokusu Zəngəzur dəhlizi boyu yerləşdiyinə görə, nəqliyyat logistikadır. Onun fəaliyyəti Zəngilan Hava Limanı ilə yaxından əlaqələndiriləcək. Bu da həm Zəngilan, həm də Cəbrayıl rayonlarının nəqliyyat-logistika mərkəzi kimi inkişafına töhfə verəcək".
M.Cabbarov bildirib ki, bundan başqa işğaldan azad edilmiş ərazilərdə təbii resursların, mineralların işlənməsində də yüksək potensial görür: "Bu sahədə artıq xarici investorlar da var və onlarla da müqavilələr bağlanılıb".