Azərbaycan hökuməti yerli və xarici ekspertlərin iştirakı ilə işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyasının icmalı sənədini hazırlayıb.
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Real TV"nin efirində deyib.
"Bu sənəddə əsas hədəflər və vasitələr müəyyənləşdirilib. Hesab edirik ki, kənd təsərrüfatı və sənaye mərkəzləri istiqamətlərində böyük potensial var. Artıq iki sənaye zonası yaradılıb", - deyə o bildirib.
Nazirin sözlərinə görə, Ağdam sənaye parkında doqquz rezident işləyir.
"Tezliklə daha 15 rezidentə sertifikatların verilməsi gözlənilir. Cəbrayıl sənaye zonasının fəaliyyəti Zəngilan hava limanı ilə sıx bağlı olacaq. Bu, həm də Zəngilan və Cəbrayıl rayonlarının nəqliyyat-logistika mərkəzləri qismində inkişafına töhfə verəcək", - M.Cabbarov deyib.
O qeyd edib ki, Azərbaycan azad edilmiş ərazilərdə təbii ehtiyatların və faydalı qazıntıların işlənməsində böyük potensial görür.
"Bu sahədə artıq xarici investorlar var və onlarla müqavilələr imzalanıb", - nazir qeyd edib.