“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
"Unikal" xəbər verir ki, Azərbaycan çempionu buna Macarıstan “Ferensvaroş”unu qitənin ən nüfuzlu klub turnirindən kənarlaşdırmaqla nail olub.
Ötən həftə III təsnifat mərhələsinin Bakıdakı ilk görüşündə 1:1 hesablı heç-heçə ilə kifayətlənən Ağdam klubu cütün taleyini səfərdə həll edib. Qurban Qurbanovun yetirmələri Budapeştdə rəqibinə qalib gəlməyi bacarıb. İlk yarıda Abdullah Zubir, fasilədən sonra isə iki dəfə İbrahima Vadji Macarıstan çempionunun qapısına yol tapıb. Son dəqiqələrdə macarlar bu toplardan birinin əvəzini çıxsa da, Azərbaycan çempionu səfərdən qələbə ilə ayrılıb - 3:1.
Bu qələbə ilə “Qarabağ” Çempionlar Liqasının pley-offuna yüksəlib. “Ferensvaroş” isə Avropa Liqasının pley-offunda oynayacaq.
Ağdam təmsilçisi növbəti raundda Çexiya “Viktoriya”sı ilə görüşəcək. “Qarabağ” avqustun 16-17-də evdə, 23-24-də səfərdə meydana çıxacaq. Bu cütün qalibi Çempionlar Liqasının, məğlubu Avropa Liqasının qrupunda oynayacaq.