Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır.
Bu barədə "Unikal"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Laçın rayon Zabux kənd sakini Əliyev Allahverdi Əşrəf oğlu doğma yurdlarının işğaldan azad olunmasına görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. O qeyd edib ki, Zabuxa qayıtdıqdan sonra qurub-yaradacaq, əvvəlkindən də yaxşı yaşayacaqlar.
Dövlət Komitəsinin hazırladığı videoçarxlarda onlar bununla bağlı fikir və duyğularını bölüşür, tarixən Azərbaycana məxsus olan həmin torpaqlarda əvvəllər ermənilərin yaşamadıqlarını bildirirlər.