SOCAR "Azəriqaz" İstehsalat Birliyinin regionlarda vətəndaşlarla görüşü davam edir.
"Azəriqaz"dan "Unikal"a verilən xəbərə görə, növbəti "Səyyar qəbul otağı" Cəlilabad rayonunda qurulub. Aksiyaya rayonun Dələli, Kövüzbulaq, Edişə, Şatırlı, Mikayıllı, Zərbəli, Mirzəli, Lallar, Ləkin, Zəhmətoba, Musalı, Şükürlü, Kürdlər, Sadatlı kəndlərindən üz tutan sakinlər qaz təchizatı bağlı problemlərindən söz açıblar. Daxil olan müraciətlər əsasən qazlaşmayan kəndlərin mavi yanacaqla təmin olunması, qazlaşan kəndlərin isə genişlənən hissələrinə (yeni yaşayış massivlərinə) təbii qaz çəkilişi ilə bağlı olub.
Bundan əlavə, qapı keçidinin quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi yaşayış evinə quraşdırılan sonradan ödənişli sayğacın əvvəlcədən ödənişli sayğacla əvəz olunması ilə bağlı müraciətlər də daxil olub. Aksiyada iştirak edən 35-dək sakinin hər birinin müraciəti Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin yerindəcə baxılmasına dair tapşırıq verilib.