Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Əliməmmədov Elçin Mehman oğlunun doğum günü Zirə qəsəbəsində qeyd edilib.
"Unikal" xəbər verir ki, 18 avqust 2022-ci il tarixində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov, RİH başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Zirə bələdiyyəsinin sədri, şəhidin qulluq etdiyi N saylı hərbi hissənin əsgər və zabitləri, şəhidin ailə üzvləri, ağsaqqallar və din adamları iştirak ediblər.
Öncə Şəhidin əziz xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunulub. Daha sonra şəhidin doğum günü mərasim evində davam edib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Həmçinin, bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad edib. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Mərasimdə çıxış edən Millət Vəkili Soltan Məmmədov, YAP Xəzər Rayon Taşkilatının sədri Namik Əhmədov və digər natiqlər vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.
Şəhidin ailə üzvləri və yaxınları çıxış edərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Əliməmmədov Elçin Mehman oğlu 18.08.1997-ci ildə Bakı şəhəri Zirə qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun baş çavuşu olan Elçin Əliməmmədov Vətən müharibəsi zamanı Füzuli rayonu azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Elçin Əliməmmədov 06.10.2020-ci ildə Füzuli rayonu Horadiz kəndi istiqamətində düşmən həmləsinin qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əliməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.