Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Q. İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbdə I Qarabağ müharibəsində  eyni gündə şəhid olmuş 4 nəfər polis əməkdaşı - İsayev Kamal İnqilab oğlu, Bayramov İlqar Telman oğlu, Paşayev Ziyəddin Cəlal oğlu, Süleymanov Habil Yusif oğlunun anım günü tədbiri keçirilib. 
“Unikal”
xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidlərimizin ailə üzvləri, yaxınları, Qubadlı rayon Polis şöbəsinin əməkdaşları, keçmiş polis işçiləri, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. 
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər şəhid olub. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Şəhidlərimizdən 12 nəfəri polis əməkdaşı olub. Onlardan Mirzəyev Kərəm Ərşad oğlu və Əliyev Vasili Əhməd oğlu Azərbaycanın Milli Qəhrəmanıdır. I Qarabağ müharibəsi zamanı 100 nəfərdən çox sakinimiz isə itkin düşüb.
Qeyd olunub ki, eyni gündə şəhid olan polis əməkdaşlarının son döyüşləri Laçın rayonunun Xallıqaya yüksəkliyində olub. 
Həmin yüksəklik uğrunda gedən qanlı döyüşlər 2 gün davam edib. 1993-cü ilin avqust ayının 18-də cəsur polis əməkdaşları qəhrəmancasına şəhid olublar.