Nazirlər Kabineti "Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” qərarda dəyişiklik edib.
"Unikal" xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci bəndində göstərilən əsaslar olduqda, həkim-məsləhət komissiyaları tərəfindən xəstələrə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər veriləcək.
Həkim-məsləhət komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsindən imtina barədə qərar qəbul edildikdə və ya tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul edildikdə, əgər xəstənin əmək qabiliyyətinin itirilməsi davam edirsə, xəstəlik vərəqəsi bu təlimatla müəyyən edilmiş qaydada uzadılacaq.
Nazirlər Kabinetindən bildirilib ki, xəstəlik vərəqəsinin uzadılmasını nəzərdə tutan dəyişiklik edilib.
Qeyd olunub ki, Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 6-cı hissəsinin üçüncü abzasına əsasən xəstəlik vərəqəsinin yalnız tibbi-sosial ekspert komissiyasının rəyinə görə xəstəni əlilliyi olan şəxs hesab etmək mümkün olmadıqda və onun əmək qabiliyyətinin itirilməsi davam etdiyi halda uzadılması nəzərdə tutulub.
Müvafiq komissiyalar tərəfindən göndərişlərin verilməsindən imtina barədə qərar qəbul edildiyi halda isə xəstəlik vərəqələrinin uzadılması məsələsi Təlimatda tənzimlənməyib.
Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün Nazirlər Kabinetinin 319 №-li Qərarı ilə Təlimata əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsindən imtina olunduğu halda da xəstəlik vərəqəsinin uzadılmasını nəzərdə tutan dəyişiklik olunur.