Bu gün Lənkəran rayonunun Havzova kəndində anadan olan Vətən müharibəsi şəhidi Əbdülhəsən Həsənzadə Mirzə oğlunun doğum gününə və eləcə də Havzova şəhidlərinin xatirəsinə inşa edilən kompleksin açılışına həsr olunan tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Birinci Qarabağ müharibəsi şəhidi Şabanov Mahir Novruz oğlunun və Vətən müharibəsi şəhidi Əbdülhəsən Həsənzadə Mirzə oğlunun xatirəsinə inşa olunan kompleksin açılış lentini Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid anası Bağdagül Həsənova ilə birgə kəsib. Açılış mərasimində İcra aparatının məsul şəxsləri, rayonun idarə və müəssisələrinin rəhbər işçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Dövlət himninin sədaları altında başlayan tədbirdə Vətənin azadlığı, torpaqlarımızın bütövlüyü, sərhədlərimizin toxunulmazlığı və suveren hüquqlarımızın bərpası yolunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəhid valideynlərinə minnətdarlığını ifadə etməklə nitqinə başlayan İcra başçısı bildirib ki, Vətən uğrunda canından keçən övladlarımızın valideynləri də qəhrəmandırlar: “Vətəni sevməyi və torpağın anamız qədər müqəddəs olduğunu övladlarımıza məhz valideynlər körpə yaşlarından izah və tərbiyə edirlər. Övlad acısından qəlbinin sızıldamasına baxmayaraq, şəhid valideynləri dəyanətli və vüqarlı duruşları ilə cəmiyyətə nümunə təşkil etdikləri üçün hər zaman rəğbətə laiqdirlər”. Şəhidlərimizin adının əbədiləşdirilməsi, xatirəsinin daim yad olunması dövlətin mərkəzi xətlərindəndir deyən Taleh Qaraşov ictimaiyyətin və yerli insanların da müxtəlif təşəbbüslərlə şəhid ailələrinin yanlarında olduqlarını vurğulayıb. Birlik və bərabərliyin cəmiyyətin, eləcə də dövlətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyən İcra başçısı qalib xalq kimi bizim bu məsələdə bir çox dövlətlərə və xalqlara nümunə olduğumuzu qeyd edib. Şəhid anası Bağdagül Həsənova çıxışında bildirib ki, şəhid valideynləri bütün acı və ağrılara baxmarayaq ayaq üzərində dik durmaq üçün gücü həmkəndlilərindən, elindən, obasından və dövlətindən alırlar.
“Bizi heç zaman yalnız saxlamırlar” deyən şəhid anası qeyd edib ki, dövlət səviyyəsində hər zaman onların qayğı və problemləri nəzarətə götürülüb, qaldırdıqları məsələlərə həssas yanaşılıb və bütün bunlara görə dövlətimizin başçısı cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini vurğulayıb. Daha sonra İcra başçısı Taleh Qaraşov, İcra aparatının məsul şəxsləri və ictimaiyyət nümayəndələri şəhid Əbdülhəsən Həsənzadənin məzarını ziyarət ediblər, üzərinə tər çiçəklər düzüblər, bütün şəhidlərin ruhlarına dualar ediblər. Qeyd edək ki, dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra Ə.Həsənzadə “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarıyla təltif edilib.