Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
"Unikal" xəbər verir ki, günün yeganə matçında "Neftçi" "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
37-ci dəqiqədə Murad Musayevin baş məşqçi olduğu komanda 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Kristian Sebalyosun vurduğu topu "ağ-qaralar"ın qapıçısı İvan Brkiç çıxarıb. Hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Yusuf Laval açıb. 78-ci dəqiqədə "Sabah"dan Aleksey İsayev penaltidən tarazlığı bərpa edib. Əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə isə Emanuel Apeh penaltini dəqiq yerinə yetirməklə, komandasına qələbə qazandırıb. Bu, "Sabah"ın evdə "Neftçi" üzərində ilk qələbəsi olub.
Bu qələbədən sonra xallarını 9-a çatdıran "Sabah" liderliyini möhkəmlədib. "Neftçi" isə 6 xalla 2-ci pillədə qərarlaşıb.