Dövlət Turizm Agentliyinin tabeliyində olan “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda, eləcə də qoruğun balansında olan "Diri Baba” türbəsində aparılan yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilən turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar rüsumlar müəyyənləşdirilib.
Bu barədə "Unikal"a Agentlikdən məlumat evrilib.
Bu gündən "Basqal” qoruğunda yerləşən hamam muzeyə giriş yerli turistlər üçün 2, tələbələr üçün 1, xarici vətəndaşlar üçün 5 manat, "Diri Baba” türbəsi kompleksinə giriş yerli ziyarətçilər üçün pulsuz, xarici vətəndaşlar üçün 5 manat olaraq müəyyənləşdirilib.
Bundan əlavə, "Basqal” qoruğunda salınan parkinqdə minik avtomobilləri üçün 1, avtobuslar üçün 2 manat xidmət haqqı nəzərdə tutulub. “Diri Baba” türbəsi kompleksində yerləşən qurbangahdan istifadə üçün isə 10 manat ödəniş müəyyənləşdirilib.
Hər iki abidəyə ölkə vətəndaşı olan əlillərin, müharibə veteranlarının, qazilərin və məktəblilərin, eləcə də 12 yaşınadək olan xarici turistlərin girişi ödənişsizdir.
Sentyabrın 22-dən "Basqal” qoruğunun iş saatları istirahət və bayram günləri də daxil olmaqla hər gün səhər saat 10:00-dan 20:00-a qədərdir. "Diri Baba” türbəsi abidəsi isə istirahət və bayram günləri daxil olmaqla yay mövsümündə hər gün səhər saat 10:00-dan 20:00-dək, qış mövsümündə isə 09:00-dan 18:00-ə qədər ziyarət üçün açıq olacaq.