Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun Moldova Azərbaycanlıları Konqresinin (MAK) rəhbəri Elçin Bayramovla görüşü keçirilib.
"Unikal" xəbər verir ki, Komitə sədri Moldovadakı soydaşlarımızın Azərbaycan həqiqətlərinin təbliğ olunması istiqamətindəki fəallığını, məlum hadisələr zamanı Ukraynadan soydaşlarımızın təxliyə olunması prosesində MAK-ın DİDK ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməsini yüksək qiymətləndirib. Konqresin fəaliyyətinin daha da genişləndirilməsinə dair tövsiyələrini nəzərə çatdırıb.
MAK sədri Komitənin çoxşaxəli fəaliyyət istiqamətlərinin Moldovadakı diasporumuz tərəfindən təqdir olunduğunu vurğulayıb. Ukraynadan soydaşlarımızın təxliyəsi zamanı göstərdiyi dəstəyə görə Komitəyə minnətdarlığını bildirib.
Görüş MAK-ın gələcək planlarına dair fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.