Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislər mükafatlandırılacaq.
"Unikal" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 10,0 (on) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:
2.1. idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı on beş gün müddətində hazırlayıb təsdiq etsin;
2.2. bu Sərəncamın 1-ci hissəsi ilə hər bir idmançı üçün ayrılmış vəsaitin həmin Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".