Şəkidə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın davam edir.
"Unikal" apa-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarından rayonun Kiş kəndindən 8-9 km aralıqda, yüksək və mürəkkəb relyefli dağlıq ərazidə başlayan yanğın hələ də davam edir.İlkin məlumata görə, yanğın 15 hektar sahəni əhatə edir.
Ərazidə kol-kos, xəzəl, quru ot, xırda ağaclar və qurumuş ağac kötükləri yanır.
Gecə saatları olmasına baxmayaraq, hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikaları, 60 nəfər canlı qüvvəsi, Mülki Müdafiə Qoşunlarının 30 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinin iki ədəd helikopteri həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 100-ə yaxın əməkdaşı cəlb edilib.