"Şahruddin ən güvəndiyim oyunçulardan biridir. Xarakteri, insanlığı cavan futbolçulara örnəkdir. O, işini çox sevir və ağrılara dözən futbolçudur. Mənim ürəkli insanlara və idmançılara inamım çox böyükdür. Hər sahədə belə insanlara ehtiyac var. Şahruddin çox məsuliyyətli olduğu üçün fikir edir. Həmişə onun arxasındayam. Azarkeşlər də onu çox istəyir. Bəzən uduzanda mən də oyunçuları acılayıram. Amma iki gün sonra sığallayıram. İnanıram ki, fanatlar yenidən Şahruddinə güvənəcək".
"Unikal" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qapıçı Şahruddin Məhəmmədəliyev haqda sualı cavablandırarkən deyib.
O, Çempionlar Liqasının pley-off mərhələsində Çexiyada "Viktoriya"ya 1:2 hesabı ilə uduzduqları cavab oyununda səhvə yola verən oyunçunun hazırda dilxor olduğunu deyib: "Bu, onun məsuliyyətindən xəbər verir. Deməli, o insan işində məsuliyyətlidir və daha yaxşı olmaq, böyümək istəyir. Sabah mən də səhv edə bilərəm və bu da müzakirə mövzusu ola bilər. Hətta 10 illik nəticələrimin üzərindən xətt çəkə bilərlər. Azarkeşlər qarşılaşmalardan sonra aqressiv və emosional olurlar. Şahruddini indidən sonra da sevəcəklər".