Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri G qrupunun favoriti “Frayburq”la qarşılaşıb. Almaniya təmsilçisi ilə görüş Bundesliqanın liderinin meydanında baş tutub.
Matç erkən qollarla başlayıb. “Frayburq” ilk 15 dəqiqədə iki dəfə “Qarabağ”ın qapısına yol tapıb.
Buraxılan qollardan sonra toparlanmağı bacaran ağdamlılar fasiləyədək fərqi minimuma endirib. Marko Veşoviç almaniyalıları məyus edib.
İkinci hissədə öz oyununu tapan “Qarabağ” məğlubiyyətdən qaçmağa çalışıb. Lakin təmsilçimiz rəqib qapısına hücumları dəqiq zərbə ilə tamamlaya bilməyib. Beləliklə, “Qarabağ” qrup mərhələsinə 1:2 hesablı məğlubiyyətlə start verib.
Qeyd edək ki, qrupun digər görüşündə “Nant” “Olimpiakos”la üz-üzə gəlib. Matç Fransa təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1.