Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
"Unikal" xəbər verir ki, "Neftçi" Qəbələdə eyniadlı komandanın qonağı olub. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma paytaxt klubunun 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
İlk qolu 31-ci dəqiqədə meydan sahiblərindən Ramon Maçado vurub. 46-cı dəqiqədə Ataa Caber hesabı bərabərləşdirib. 7 dəqiqə sonra yenidən səhnəyə çıxan israilli yarımmüdafiəçi özünün və komandasının 2-ci qoluna imza ataraq, yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Neftçi" liderliyə yüksəlib. 9 xalı olan "Qəbələ" isə 5-ci sırada qalıb.
Günün ikinci oyununda "Səbail" "Zirə"ni qəbul edəcək.
Qeyd edək ki, turun açılış matçında "Turan Tovuz" evdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 11-də keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Qarabağ" - "Sabah" oyunları ilə yekun vurulacaq.