AFFA İntizam Komitəsi ötən tur "Qarabağ"la oyunda qırmızı vərəqə alan "Sabah"ın baş məşqçisi Murad Musayevi cəzalandırıb.
"Unikal" qurumun rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı mütəxəssis onun üçün ayrılmış texniki zonanı tərk edərək birinci köməkçi hakimə etiraz etməsinə görə 1 oyunluq cəzalandırılıb. "Sabah" isə buna görə 800 manat cərimə olunub.
Bundan əlavə, sözügedən matçın 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri kənar şəxs kimi meydana daxil olmasına görə “Qarabağ” klubu 1600 manat cərimələnib.
Paytaxt təmsilçisinin futbolçusu Abdulaye Ba oyunun 43-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalandırılıb. Bu hərəkətə görə klub 200 manat ödəməli olacaq. Komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cəza kəsilib.