Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşdə qazın 25% endirimini müzakirə etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə cümə günü adı açıqlanmayan türk rəsmilərinə istinadən Bloomberg agentliyi məlumat yayıb.
Onların sözlərinə görə, Ərdoğan qazın lirə ilə qismən ödənilməsini də müzakirə etmək niyyətindədir. Eyni zamanda Bloomberg iddia edir ki, Türkiyə lideri ölkəsindəki iqtisadi vəziyyəti sabitləşdirmək üçün Rusiya ilə daha sıx maliyyə əlaqələri yaratmağa çalışır.
Sentyabrın 15-də Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın Türkiyəyə qaz tədarükünü artırmaq niyyətində olduğunu bəyan etmişdi.
“Qazprom” holdinqin 2021-ci ildə Türkiyəyə qaz tədarükünü 63% artırdığını bildirib. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, Rusiyadan təbii qaz tədarükü 26,76 milyard kubmetr təşkil edib.