Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 sentyabr - Anım Günü ölkəmizin hər yerində olduğu kimi, Xəzər rayonunda da qeyd edilib.
"Unikal" xəbər verir ki, bu gün səhər saatlarında etibarən Xəzər rayonunun Binə və Buzovna qəsəbələrindəki Şəhidlər Xiyabanına ziyarətlər edilib, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirələri qürurla yad edilib.
Mərasimlərdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, Millət vəkili Soltan Məmmədov, Hüquq-mühafizə orqanları, İctimai Birliklərin rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, din xadimləri, rayonun fəal gəncləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimlərdə təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə başladığı Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlıqlarının, əlbəttə, Müzəffər Ali Baş Komandanımızın sərkərdə məharətinin, hücum diplomatiyasının və dəmir yumruğunun qələbəsi olduğunu iftixar hissi ilə vurğulanmış və qəhrəman şəhidlərimizin keçdiyi şərəfli döyüş yollarından və göstərdikləri şücayətlərdən geniş söhbət açılıb.
Mərasim iştirakçıları tərəfindən şəhidlərimizin məzarları önünə güllər düzülərək ruhlarına dualar oxunulub, sonda rayon məktəbliləri tərəfindən Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə şeirlər səsləndirilib.
Tədbirlərin davamı olaraq Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə anım tədbiri keçirilərək ehsan süfrəsi açılıb.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Rauf Əliyev, Soltan Məmmədov,YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri, Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və aprel döyüşlərinin şəhid ailələri, qazilər, din xadimləri və rayon ağsaqqaları iştirak ediblər.
Tədbir başlamazdan öncə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində 2020-ci ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuzun 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdiyini, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz tutulacağını vurğulanıb.
Tədbirdə Millət vəkili Soltan Məmmədov, Rauf Əliyev və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıb.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı və digər iştirakçılar torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçən Şəhidlərimizə Allahdan rəhmət diləmiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildiriblər.
Tədbirdə Vətən Müharibəsi qazisi Xəzər Abdullayev şəhid olanların ailə üzvlərinə və qazi olanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin üzvləri tərəfindən Vətən Müharibəsi şəhidlərinin xatirəsinə şeirlər səsləndirilib.