"Abşeron rayonun Xırdalan şəhərinə 3 yerdən giriş var. Bunlar, Xırdalan dairəsi, Masazır dairəsi və keçmiş Qafqaz Universiteti tərəfdəndir".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, şəhərə girişin 3 yerdən olması Xırdalanın içindəki tıxacları xeyli yüngülləşdirir:
"Məsələn, mən həmişə Masazır dairəsi, qardaşım isə Qafqaz Universiteti tərəfdən evə gedir. Çünki şəhərsalma standartlarından uzaq layihə əsasında həyata keçirilən tikililər Xırdalanda demoqrafik fəlakət yaradıb və proses getdikcə daha da dözülməz hal alır. Deməli, hansısa ağıllı belə qərara gəlib ki, şəhərdən gələn maşınlar əvvəlki kimi birbaşa Qafqaz Universiteti tərəfdən Xırdalana girə bilməz. Bunun üçün yol hərəkətində dəyişiklik edilib. İndi maşınlar Xırdalana daxil olmaq üçün Sumqayt və ya Novxanı yolu istiqamətində ən azı 6 km məsafə qət etməlidir. Nəticədə əsas güc Masazır dairəsinə düşür. Bu yolun yüklənməsi nəticəsində böyük tıxac yaranır. Tıxacın uzunluğu isə az qala Xırdalan dairəsinə çatır".
İqtisadçı qeyd edib ki, bu tıxac Masazıra gedən maşınlar üçün də problem yaradır:
"Təsəvvür edin ki, hər gün əlavə 6 km qət etmək ayda 180 km edir. Hər 100 km məsafə üçün ortalama benzin sərfiyyatını 9 km götürsək, bu, ayda 16 litr və ya 16 manat edir. Aİ-95 markalı benzin işlədən maşınlar üçün 32 manat, benzin sərfiyyatı çox maşınlar üçünsə daha çox əlavə xərc yaranır. Geri dönüşü 3 km yox, 300-400 metrdən qoysalar, etdikləri dəyişikliyin faydası olar və sürücülər yenə də əvvəlki kimi bu girişdən istifadə edərlər. Belə çıxır ki, ya ağıllarına gəlmir, ya da məqsədli şəkildə edirlər. Məqsəd isə mənə aydın deyil".
Anar Kəlbiyev