SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Yardımlı rayonunun Ostayır kəndinə səfər edib.
"Unikal" xəbər verir ki, birlik rəhbəri sözügedən kənddə qazlaşdırılma işləri ilə yaxından tanış olub. Ucqar ərazidə yerləşən kənddə görülən işlər barədə Ruslan Əliyevə məlumat verilib. İşin həcmi böyük olduğundan baş direktor əraziyə əlavə briqadaların ayrılması ilə bağlı tapşırıq verib. Daha sonra bir qrup Birlik əməkdaşı SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb. Kənd sakinləri görülən işlərlə bağlı SOCAR rəhbərliyinə təşəkkür ediblər.
Ruslan Əliyev Çay Üzü kəndində də qazlaşdırılma işləri ilə maraqlanıb. Baş direktora məlumat verilib ki, kəndin qazlaşdırılması üçün uzunluğu 13989 m olan müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunacaq. Birlik əməkdaşlarının iş şəraiti ilə tanış olan Ruslan Əliyev bir qrup əməkdaşı SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb. “Bizim bütün uğurlarımızın təməlini siz qoyursunuz. Son illər istər qazlaşmada, istərsə də “Azəriqaz” İB-nin iqtisadi göstəricilərində olan uğurlarında sizin böyük əməyiniz var. Bütün SOCAR “Azəriqaz” İB-nin rəhbərliyi sizə minnətdardır.” -, deyə baş direktor bildirib.