Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tədris işləri üzrə prorektoru, f.e.d, professor Zaur Bağırov və Karyera və Kommunikasiya şöbəsinin müdiri, sözügedən layihənin ATMU tərəfindən layihə koordinatoru Səidə Məmmədova Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin Fransada  03 – 07 oktyabr 2022-ci il tarixlərini əhatə edən təlim proqramında iştirak edirlər.

"Unikal" xəbər verir ki, Fransa Beynəlxalq Təhsil təşkilatında keçirilən ilk görüşdə layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri,  prorektorlar, o cümlədən digər səlahiyyətli universitet nümayəndələri iştirak ediblər. Təşkilatın  beynəlxalq əlaqələr üzrə koordinatoru və Rouen universitetinin keçmiş prezidenti Jean-Luc Nahel tədbiri giriş sözü ilə açaraq bütün qonaqları salamlayıb və Fransada görməkdən məmnunluğunu ifadə edib. Təşkilatın təhsil əməkdaşlığı departamentinin direktor müavini Bruno Kurval isə layihə çərçivəsindəki sıx əməkdaşlığın uğurla davam etdiyini və təlim proqramının faydalı olacağını vurğlayıb. 

Daha sonra Rennes Universitetinin prezidenti David Alis tədbirdə onlayn formatda iştirakı zamanı “Rektor konfranslarında komitələrin rolu və fəaliyyəti” mövzusunda geniş təqdimatla çıxıb edib. O, konfransın tərkibində fəaliyyət göstərən müvafiq komitələrin vacibliyinə toxunaraq onların fəaliyyət istiqamətləri, təşkilati strukturu, funksiyaları barəsində təcrübələrini bölüşüb. Çıxışlardan sonra iştirakçılar arasında faydalı müzakirə və fikir mübadilələri aparılıb.

Təlim proqramı çərçivəsində maraqlı tərəflərin cəlb edilməsi ilə şəbəkələşmə menecmenti, konsensusun əldə olunması, dəyişikliklərin aparılması, böhran menecmenti və texniki dəstək, daimi heyətin və Ali təhsil müəssisələrinin digər maraqlı tərəfləri əhatə edən fəaliyyətlərlə bağlı görüşlərin keçirilməsi və müzakirələrin aparılması gözlənilir.