Azərbaycanda Ümumdünya Kosmos Həftəsinin açılış mərasimi olub.
"Unikal" xəbər verir ki, Ümumdünya Kosmos Həftəsi 4 – 10 oktyabr tarixlərində keçirilir. Yerli təşkilatçı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosdur.
Açılış mərasimində Elm və Təhsil Nazirliyi, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan – Fransız Universiteti, Xəzər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və digər ali təhsil müəssisələrinin rəsmi nümayəndələri iştirak ediblər.
Ümumdünya Kosmos Həftəsinin keçirilməsində məqsəd kosmos və bu sahədə təhsilin əhəmiyyəti barədə ictimaiyyətdə məlumatlılığı artırmaq, davamlı iqtisadi inkişaf üçün məsafədən müşahidə peyklərindən istifadəni təşviq etmək, gənclər arasında elm, texnologiya və mühəndislik sahəsinə marağı yüksəltməkdir.
“Əminəm ki, Ümumdünya Kosmos Həftəsi çərçivəsində keçirdiyimiz tədbirlər sayəsində cəmiyyətimiz kosmosun vacibliyi və kosmosdan əldə etdiyimiz faydalar haqqında daha çox məlumatlı olacaq”, – deyə Azərkosmosun İdarə heyətinin sədri Saməddin Əsədov bildirib.
Qonaqlar daha sonra “Azersky” peykinin təsvirlərindən ibarət qalereya ilə tanış olublar.
Azərkosmos bu həftə ərzində ali təhsil müəssisələri, ABŞ-nin Azərbaycandakı Səfirliyi, “Tusi Bohm Planetarium”un dəstəyi ilə ölkədə ilk dəfə silsilə tədbirlər keçirəcək. Məktəblilərlə görüşlər, universitetlərdə seminar və sərgilər təşkil olunacaq. Tədbirlər zamanı Azərbaycanın kosmik sahədə gördüyü işlər, peyk layihələri, Azərkosmosun təhsil sahəsində həyata keçirdiyi təşəbbüslər, 2023-cü ildə Bakı şəhərinin ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresinin ölkə üçün əhəmiyyəti barədə təqdimatlar nümayiş olunacaq.
Ümumdünya Kosmos Həftəsi çərçivəsində keçiriləcək tədbirlərin siyahısı ilə keçidə daxil olaraq tanış olmaq mümkündür.
Qeyd edək ki, Ümumdünya Kosmos Həftəsi hər il 4 – 10 oktyabrda dünyanın bir çox ölkəsində təntənəli şəkildə qeyd olunur.
Kosmos Həftəsi üçün bu tarixlərin seçilməsi 1957-ci il oktyabrın 4-də Yerin ilk süni peyki olan “Sputnik-1” peykinin orbitə çıxarılması, dövlətlərin Ay və digər səma cisimlərinin öyrənilməsi və onlardan istifadə edilməsi üzrə fəaliyyət prinsipləri haqqında 10 oktyabr 1967-ci il tarixində imzaladıqları müqavilənin qüvvəyə minməsi ilə əlaqədardır. Bu barədə qərar 1999-cu il dekabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında qəbul edilib.
Azərbaycan Ümumdünya Kosmos Həftəsi təşəbbüsünə 2015-ci ildə qoşulub.