"Ermənistan bugünədək hərbi cinayətlər törətmiş heç bir şəxsi məsuliyyətə cəlb etməyib".
"Unikal" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
Nazir müavini bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edən zaman Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ortada olan videolar, bəzi digər faktlarla bağlı aparılan araşdırmalara dair onlarla, yüzlərlə səhifədən ibarət sənədlər qovluğu təqdim edilib: "Bunun qarşılığında Ermənistan tərəfi hər dəfə məsələ ilə məşğul olduğunu bildirib, bir necə cümlədən ibarət arayış təqdim edib".
"Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də bunlar qeydə alınıb. Beynəlxalq təşkilatlar bu məsələni Ermənistan qarşısında birmənalı qoymayıb, bu məsələ illərlə qalıb. Ermənistan 30 il ərzində bütün cinayətləri inkar edib. Heç bir məsələyə görə məsuliyyəti qəbul etməmək, bütün mümkün məsuliyyətdən boyun qaçırmaq niyyəti ilə törədilmiş cinayətləri inkar etmək, Azərbaycana qarşı bu və ya digər formada qaralama kampaniyası aparmaq mövqeyindən çıxış ediblər. Bu, uzun müddət bu formada davam edib. Son 10 ildə Ermənistan tərəfi bu cinayətləri törətmiş hansı bir şəxsi məsuliyyətə cəlb edib? Əksinə, həmin şəxslər erməni cəmiyyətində qəhrəman kimi təqdim olunublar, onlar barədə ancaq təqdiredici tədbirlər görülüb”, - E.Məmədov vurğulayıb.