Vətəndaş Hüseynova Sevda Gəray qızı yaşadığı evin mülkiyyət hüququnu təsdiq edən sənədi almaqda çətinliklə üzləşib.
Bu barədə "Unikal"a müraciət edən S. Hüseynova bildirib ki, o Bakı şəhəri, Müslüm Maqomayev küçəsi ev 89 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evində qalır:
"Artıq 3 ildir ki, evin mülkiyyət hüququnu təsdiq edən sənədi İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsindən ala bilmirəm. Məsələ ilə bağlı 2019-cu ildə məhkəmə prosesi baş tutub. Lakin Qoruq İdarəsi məhkəmənin sorğusuna cavab olaraq idarədə sözügedən ünvanla bağlı məlumatın olmamasına dair məhkəməyə cavab təqdim edib.
Buna baxmayaraq, 2020-ci ilin yanvar ayının 24-də İdarənin Orxan adlı əməkdaşı sözügedən ünvana məxsus olan sənədi bizə rəsmi görüş zamanı nümayiş etdirib. Bundan sonra ərizə yazaraq həmin sənədin sürətini əldə edə biləcəyimi dedilər. Lakin İdarənin 5 fevral 2020-ci il tarixli cavab məktubunda həmin sənədin konfendensial olduğu və mənə məxsus olmaması haqqında cavab məktubu təqdim edilib.
Daha sonra Həqiqətin aydınlaşdırılması məqsədilə Mülkün kimin adına olması haqqında idarəyə əlavə sorğularla müraciət olunub. Lakin idarə bu dəfə də sorğuya düzgün cavab təqdim etməkdən yayınıb. Belə ki, sözügedən qurum mülkün kimin adına olması haqqında yox, həmin mülkün pasportunun hansı mühəndis tərəfindən tərtib olunması haqqında təkrar cavab məktubları təqdim edib", - deyə o qeyd edib.
Seymur Əli