"Prokurorluq orqanlarında hər bir gənc əməkdaşın nailiyyəti ilk növbədə hazırda respublikamızda Prezident İlham Əliyevin müdrik rəhbərliyi və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə aparılan uğurlu gənclər siyasətinin təcəssümüdür".
"Unikal" xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov deyib.
O bildirib ki, prokurorluq orqanlarında da son iki ildən artıq müddətdə Baş prokuror tərəfindən keçirilən kompleks islahatların mərkəzində, xüsusilə həyata keçirilən kadr islahatlarının təməl prinsiplərində yüksək bilikli, müasir, eyni zamanda dövlət və dövlətçiliyin sarsılmaz ənənələrinə sədaqəti ilə seçilən gənclərin önə çəkilməsi, onların yaradıcı və innovativ potensialının üzə çıxarılması, həmçinin yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik gəclərin püxtələşməsi, eyni zamanda ölkəmizdə inkişaf etməkdə olan könüllülük hərəkatına töhfə verilməsi durur:
"Məhz bu tələblər Prokurorluğun fəaliyyətində prioritet hədəflərdən biri olmaqla, gənc kadrların potensialından səmərəli istifadəyə xidmət edir. Bildiyimiz kimi, prokurorluqda müsabiqə yolu ilə imtahanlar ulu öndər Heydər Əliyevin 19 iyun 2001-ci ildə tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq təşkil edilir. 2002-ci ildən, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında cəmi 23 müsabiqə keçirilib. Ümumilikdə müsabiqələrdə uğur qazanmış cəmi 1094 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib ki, onlar da hazırda prokurorluq işçilərinin 83.9 faizini təşkil edir. Sevindirici haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş həmin əməkdaşların bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş, o cümlədən 161 nəfər hazırda müstəqil rayon və şəhər prokuroru kimi və müstəqil struktur qurumların rəhbəri kimi fəaliyyət göstərirlər və onlardan bir neçəsi xüsusi ali rütbə alıb”.