Azərbaycan Dillər Universitetinin (ADU) Türkiyə Araşdırmalar Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov YUNESKO-nun Baş Qərargahında keçirilən tədbirdə iştirak edib.
Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, tədbir Fransanın paytaxtı Parisdə Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin və Qazaxıstanın YUNESKO-dakı Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Qazax ədəbi mühitinin formalaşmasında, milli-ədəbi düşüncəsinin inkişafında qazax elmi və ictimai fikir tarixinin görkəmli simalarından olan görkəmli qazax mütəfəkkiri Əhməd Baytursunlunun 150 illiyi ilə bağlı keçirilən tədbirdə E.İbrahimov Ə.Baytursunun 1926-cı ildə Bakıda keçirilən Birinci Bakı Türkoloji Qurultayındakı “Orfoqrafiyanın əsas prinsipləri və sosioloji əhəmiyyəti” və “Qazax terminologiyasının prinsiplərinə dair” mövzusunda məruzələri ilə bağlı çıxış edib.
Qeyd edək ki, tədbirdə YUNESKO-nun baş katibi Xin Qu, Qazaxıstanın Elm və Təhsil nazirinin müavini Talqat Yeşenkulov, Ə.Baytursun adına Dilçilik İnstitutunun direktoru Anar Fazilcan, Qazaxıstan Nazirlər Kabineti yanında Dil-xəzinə Milli Mərkəzinin direktoru Erbol Tleşov, Türkiyənin Hacı Bayram Veli universitetinin professoru Hülya Çengel və bir çox qazax elm adamı və ictimaiyyət nümayəndələri iştirak edib.