Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
"Unikal" xəbər verir ki, tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq kənd təsərrüfatı naziri İnam Kərimov oktyabrın 7-də Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala, Salyan və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan öncə nazir İnam Kərimov və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Daha sonra nazir İnam Kərimov Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 47 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək. Nazir İnam Kərimov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.
Qəbuldan sonra nazir İnam Kərimov Neftçala rayonunun Aşağı Qaramanlı kəndində səyyar gübrə və toxum satışı prosesi ilə tanış olub, fermerlərlə görüşüb. Görüş zamanı fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Bildirilib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır. Söhbət zamanı toxumçuların və fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.
Neftçala rayonunun Surra kəndində pambıq sahəsində yığım prosesi izlənilib, pambıqçı fermerlərlə görüş keçirilib. Görüş zamanı pambıqçılıqda məhsul subsidiyasına tam keçidin üstünlükləri, becərmə prosesində aqrotexniki qaydalara düzgün riayət edilməsi, məhsul yığımı prosesinin gedişatı, texnika təminatı və digər mövzularda fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydə alınıb.