19-25 sentyabr 2022-ci il tarixlərində informatika fənni üzrə Yeniyetmələrin Avropa Olimpiadasına onlayn qatılan məktəblilərimiz uğurlu nəticə əldə ediblər.
"Unikal" xəbər verir ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev gümüş medala, Quba rayon Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fərid Tarıverdiyev isə həvəsləndirici mükafata layiq görülüblər.
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan Azercell, ölkədə təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə böyük əhəmiyyət verir.
Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərimizin informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell"in Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandası ilə məğrur tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində məktəblilərdən ibarət milli komandamız İnformatika fənni üzrə beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 11 gümüş, 25 bürünc olmaqla, ümumilikdə 38 medal əldə edib.