"Prezident İlham Əliyevin Praqada keçirilən “Avropa Siyasi Birliyi” toplantısında iştirakı iki mövzu baxımından ölkəmiz üçün önəmli idi".
Bunu "Unikal"a açıqlamasında deputat Nurlan Həsənov deyib. Deputat bildirib ki, bunlar, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri və Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması, sülh müqaviləsinin imzalanması istiqamətində işlərin sürətləndirilməsidir.
N.Həsənov qeyd edib ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən önəmli iqtisadi tərəfdaşıdır: "Dünyada enerji böhranın yaşandığı bir dövrdə Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından dəstəyi və yaxın gələcəkdə Azərbaycanın Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq içində olacağına işarə edir. Bu eyni zamanda Avropa İttifaqı ilə münasibətlərin yalnız enerji sahəsində əməkdaşlıqla kifayətlənməyəcəyini göstərir. Təmasların artması, qarşılıqlı etimadın güclənməsi Prezident İlham Əliyev tərəfindən və Avropa İttifaqı rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Bu mahiyyət baxımından Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanması deməkdir. Praqa görüşü Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması və sülh müqaviləsinin imzalanması istiqamətində işlərin sürətləndirilməsi baxımından uğurlu keçdi. Ermənistanın beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıması həm də Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanıması deməkdir. Bu isə Praqa görüşündə əldə edilmiş böyük diplomatik uğurdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesisində Avropa İttifaqınının tərəf tutmadan ədalətli yanaşması önəmlidir və Azərbaycan bunu alqışlayır".
Seymur Əli