Ukrayna Milli Təhlükəsizlik Xidməti deputatlar, senatorlar və Təhlükəsizlik Şurasının üzvləri də daxil olmaqla 700 rusiyalı məmuru axtarışa verib.

"Unikal" xəbər verir ki, onlar Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə ittiham olunublar. 

Ümumilikdə Ukraynada Rusiya hakimiyyətinin 700-ə yaxın nümayəndəsi axtarışdadır. Onlara qarşı Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsi (ölkənin ərazi bütövlüyünə və toxunulmazlığına qəsd) ilə cinayət işi başlanıb. Bu maddə üzrə maksimum cəza on ilə qədər həbsdir.

Axtarış bazasında deyilir ki, Dmitri Medvedev 2022-ci il martın 1-dən, Mariya Zaxarova isə martın 14-dən “ibtidai istintaqdan gizlənir”.

Axtarışda olanların siyahısı:

▪️ Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev,
▪️ Müdafiə naziri Sergey Şoyqu,
▪️ Hərbi əməliyyat zonasındakı qüvvələrin komandanı Sergey Surovikin,
▪️ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov,
▪️ FSB-nin direktoru Aleksandr Bortnikov,
▪️ Daxili işlər naziri Vladimir Kolokoltsev,
▪️ Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin,
▪️ Milli Qvardiyanın rəisi Viktor Zolotov,
▪️ Dövlət Dumasının sədri Vyaçeslav Volodin,
▪️ Federasiya Şurasının sədri Valentina Matvienko və bir çox başqaları.

Ukrayna hakimiyyətinin hərəkətlərinə cavab olaraq, Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin “qanunsuz cinayət təqibi faktlarına hüquqi qiymət verilməsini” tapşırıb. Şöbə rəisi SBU-nun vəzifəli şəxsləri barəsində cinayət işinin açılması barədə də göstəriş verib.

Gülayə Mecid 

***19:10

Ukrayna Milli Təhlükəsizlik Xidməti Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı axtarışa verib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik Xidməti Rusiyanın sabiq Prezidenti, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevi də axtarışa verib.