Araşdırmaya əsasən təxminən 3875 yaşayış evi və ya mənzil və 33 qeyri-yaşayış obyekti (o cümlədən 4 və 29 saylı 2 tam orta məktəb, 4 saylı 1 uşaq poliklinikası, 10 və 52 saylı 2 körpələr evi-uşaq bağçası, 1 Musiqi kolleci və sair), olmaqla ümumilikdə 863.700 m2 təşkil edən sahənin dağıdılması və zədələnməsi, habelə 92 nəqliyyat vasitəsinin yararsız hala salınması və ya zədələnməsi nəticəsində ümumilikdə milyonlarla məbləğdə maddi ziyan dəyib.
"Unikal"ın məlumatına görə, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.
O bildirib ki, bununla əlaqədar istintaq tərəfindən Gəncə şəhəri üzrə 113 dağılmış və ya qəzalı, 522 təmir və ya bərpa olunmalı evə, 73 nəqliyyat vasitəsinə, eləcə də 1 fermer təsərrüfatına baxış keçirilmiş, ümumilikdə 669 nəfər əmlak üzrə zərərçəkmiş şəxs qismində tanınıb.
"Həmçinin müəyyən edilib ki, əmlakına zərər dəymiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin 14.12.2020-ci il tarixli 2343 nömrəli Sərəncamı Ermənistan silahlı qüvvələrinin cinayətləri nəticəsində mülki şəxslərə dəymiş ziyanla bağlı ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əyşalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə 4.959.000 manat kompensasiya ödənilib", - deyə qurum rəsmisi vurğulayıb.