Oktyabrın 12 və 14-də Astanada Xarici İşlər Nazirləri Şurasının və MDB Dövlət Başçıları Şurasının növbəti iclasları keçiriləcək.Xarici işlər orqanlarının rəhbərləri və dövlətlərin rəhbərləri Birlik məkanında inteqrasiyanın bütün sahələrini əhatə edən geniş spektrli məsələləri müzakirə edəcəklər.
"Unikal" xəbər verir ki, bunu İcraiyyə Komitəsinin sədri - MDB-nin icraçı katibi Sergey Lebedev deyib.
Nazirlər Şurasının iclasının gündəliyi layihəsi kifayət qədər həcmlidir və 19 bənddən ibarətdir. Nazirlər MDB çərçivəsində beynəlxalq əməkdaşlığın və qarşılıqlı fəaliyyətin aktual məsələləri ətrafında fikir mübadiləsi aparacaq, daha sonra bir sıra sənədlər imzalayacaqlar. Eyni zamanda, Xarici İşlər Nazirləri Şurası gündəlikdəki 7 sənədlə bağlı yekun qərarlar qəbul edəcək. “Belə sənədlər arasında 2023-cü il üçün Müstəqil Dövlətlər Birliyi çərçivəsində çoxsəviyyəli XİNlərarası məsləhətləşmələr planı da var. Buraya ənənəvi olaraq xarici siyasətin planlaşdırılması, Birlik dövlətlərinin BMT-də mövqelərinin əlaqələndirilməsi, digər beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətlə bağlı mövzular daxildir. Yeni çağırışlara və təhdidlərə qarşı mübarizə, silahlara nəzarət və tərksilah məsələləri, beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq, eləcə də informasiya sahəsində yeni mövzulardan uzaq qövs ölkələri (Asiya, Afrika və Latın Amerikası) ilə qarşılıqlı fəaliyyətin aktual məsələləri üzrə məsləhətləşmələrin aparılması təklif olunub”, - Sergey Lebedev bildirib.
Ənənəvi olaraq Şuranın dar tərkibdə işinin əvvəlində iclas iştirakçıları Müstəqil Dövlətlər Birliyinin aktual problemləri ətrafında fikir mübadiləsi aparacaqlar. Daha sonra artıq geniş tərkibdə MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının Birliyin inkişafındakı rolunu müzakirə edəcəklər.
Dövlət Başçıları Şurasının iclasında genişmiqyaslı dövlətlərarası əməkdaşlığın inkişafına yönəlmiş 10 sənədin imzalanması planlaşdırılır. “Biz gözləyirik ki, şura Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin MDB-nin himayəsi altında rus dilini dəstəkləmək və təbliğ etmək üçün beynəlxalq təşkilat yaratmaq təşəbbüsünü dəstəkləyəcək. Belə bir qərarın qəbul edilməsinin vacibliyini və zəruriliyini qeyd etməyə bilmərəm. Bu, hazırda bir sıra ölkələrdə süni şəkildə əkilən total rusofobiya kontekstində xüsusilə aktualdır”, - MDB İcraiyyə Komitəsinin sədri bildirib.
MDB dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi sahəsində bir sıra mühüm qərarlar qəbul ediləcək. Bununla bağlı 2023-2025-ci illər üçün terrorizm və ekstremizmlə mübarizədə əməkdaşlıq proqramının qəbul edilməsinin vacibliyi vurğulanıb.
Ehtimal olunur ki, MDB Dövlət Başçıları Şurasının iclasında 2023-cü ildə Birlikdə sədrliyin Qırğızıstana verilməsi barədə qərar qəbul ediləcək.
Gültəkin Ələsgər