Polşanın neft boru kəməri operatoru PERN ötən gecə Rusiyadan Avropaya xam neft daşıyan Drujba boru kəmərində sızma aşkar edildiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, PERN-in məlumatına görə, Plock şəhərindən təxminən 70 kilometr aralıda olan boru kəmərinin 1-ci xəttində aşkar edilən sızmanın səbəbi məlum deyil.
Hadisə yeri mühafizə olunarkən, boru kəmərinin 2-ci xəttində və PERN-in boru kəməri infrastrukturunun digər elementlərində problem olmadığı açıqlanıb.
"Hazırda bütün PERN xidmətləri (texniki, əməliyyat, daxili yanğın və ətraf mühitin mühafizəsi) belə hallar üçün nəzərdə tutulmuş alqoritmlərə uyğun fəaliyyət göstərir", - məlumatda deyilir.
Təxminən 5 min 500 kilometr uzunluğunda dünyanın ən böyük xam neft xətlərindən biri olan Drujba boru kəməri Ukrayna və Belarusiyadan keçərək Polşa və Almaniyaya, xəttin cənub hissəsi isə Macarıstan və Çexiyaya qədər uzanır.
Seymur Əli